30 dekabr 2008-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi "Aylı Gecə” şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə bədii-əyləncəli bayram tədbiri keçirmişdir. Tədbirin rəsmi hissəsində çıxış edən İcra Hakimiyyəti başçısının müavini Ramiz Həsənov şəhər rəhbərliyi adından tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edərək 2008-ci ildə şəhərdə görülmüş işlərdən və uğurlarından danışmışdır. Baş İdarənin rəisi Musa Həsənov 2008-ci il ərzində şəhərdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində həyata keçirilən tədbirlərdən bəhs etmişdir. O, Respublika Prezidenti cənab İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi hərtərəfli diqqət və qayğıdan bəhs edərək dövlət Başçısı tərəfindən ötən il Sumqayıt şəhərindən olan 1 nəfər idmançının "Şöhrət” ordeni, 3 nəfər idmançının isə "Tərəqqi” medalı ilə təltif edildiyini bu qayğının əyani təzahürü kimi tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Baş İdarənin rəisi şəhər gənclərinin və idmançılarının ötən ili yaddaqalan uğurlarla başa vurduğunu qeyd edərək ölkə üzrə ən güclü 10 idmançı arasında 3 idmançının Sumqayıtdan olduğunu da xüsusilə vurğulamışdır. Sonra Dünya və Avropamiqyaslı yarışlarda yüksək nailiyyətlər əldə etmiş 63 nəfər idmançı və məşqçilərə Baş İdarənin Fəxri fərmanları və hədiyyələri təqdim edilmişdir. Bu Idmançılar icərisində Full Kontak karate sistemi üzrə Türkiyə Cumhuriyyətində keçirilən Dünya Kubokunun qalibləri və Komandanin baş məşqçisi Vasif Namazovda vardir. Müxtəlif sahələri təmsil edən gənclərin və idmançıların iştirak etdiyi tədbir bədii-əyləncəli hissə ilə davam etmişdir. "Sevən ürəklər”, "Qala” qruplarının, istedadlı gənc müğənnilər Elçin Şəfizadənin və Ramin Cavanşirin ifasında səsləmiş mahnılar, həmçinin müxtəlif oyunlar və viktorinalar gənclər tərəfindən böyük coşqu ilə qarşılanmışdır.